çərşənbə 24 iyun 2026 - 16:19
İmam Hüseynin (ə) qiyamının bugünkü cəmiyyət üçün dərsləri / İmam Hüseynlə (ə) yoldaşlıq məqamına necə çata bilərik?

Hövzə / Höccətül-İslam vəl-müslimin Müntəzəri Müqəddəm vurğulayıb ki, İmam Hüseynin (ə) şəxsiyyətini Aşura qiyamından ayrı şəkildə izah etmək mümkün deyil. O bildirib ki, Aşura yalnız tarixi hadisə deyil, insanları və cəmiyyətləri süstlük və mənəvi ölümdən coşquya, mənaya, azadlığa və həqiqi həyata yönəldə bilən mədəniyyət və düşüncə formalaşdıran, sərhəd tanımayan bir məktəbdir.

İmam Xomeyni (r) İnstitutunun elmi heyət üzvü Höccətül-İslam vəl-müslimin Həmid Müntəzəri Müqəddəm Hövzə Xəbər Agentliyinin müxbirinə verdiyi müsahibəsində İmam Hüseynin (ə) qiyamının dərslərinin yenidən araşdırılmasının zərurətinə toxunaraq bildirib ki, Məhərrəm ayının gecə və gündüzlərində Həzrət İmam Hüseynin (ə) şəxsiyyətinin təhlilindən qafil qalmaq olmaz. O, bütün dünyəvi bağlılıqlardan keçərək ilahi məqsədə çatmaq üçün fədakarlıq və isar yolunu seçmiş böyük bir şəxsiyyət idi.

Həzrət İmam Hüseyn (ə) haqqında geniş biliyin zəruriliyi

İmam Xomeyni (r) İnstitutunun elmi heyət üzvü vurğulayıb ki, İmam Hüseynin (ə) hərəkatı barədə araşdırmalar və müzakirələr davam etdikcə, insanın bu qiyamı daha dərindən dərk etməsi mümkün olur. O qeyd edib ki, İmam Hüseyn (ə) qiyamı haqqında biliyin genişləndirilməsi insanın həzrət İmam Hüseyn (ə) ilə mənəvi və emosional bağlılığını daha da möhkəmləndirir.

Aşura: Tarixə sığmayan mədəniyyət yaradan amil

Qum Elmi hövzəsinin müəllimi sözlərinə davam edərək bildirib ki, İmam Hüseynin (ə) şəxsiyyəti hər şeydən əvvəl onun böyük və əbədi qiyamı ilə bağlıdır. Buna görə də İmam Hüseyni (ə) Aşura hadisəsindən, onun qiyam və hərəkatından ayrı təqdim etmək mümkün deyil. Həzrətin şəxsiyyəti məhz Aşura hadisəsinin işığında tanınmalı və təfsir olunmalıdır.

Höccətül-İslam vəl-müslimin Müntəzəri Müqəddəm vurğulayıb ki, Aşura sadəcə tarixi hadisə deyil. Onun sözlərinə görə, Aşura İmam Hüseynin (ə) şəxsiyyətinin təqdim olunmasının əsas amilidir. Lakin bu hadisə tarixdə qalmayıb, əksinə, mədəniyyət və düşüncə formalaşdıran bir amilə çevrilib və yüksək bəşəri mesajlar daşıyır.

O əlavə edib ki, Aşura hadisəsi insan cəmiyyətlərini süstlük və mənəvi ölümdən çıxararaq coşquya, həyatsevərliyə, azadlığa və mənəvi dirçəlişə çatdıra bilər, insan həyatına yeni məna qazandırar. Bu hadisə heç bir sərhəd tanımır və tarixin çərçivəsində məhdudlaşmır. Təxminən 1400 il keçməsinə baxmayaraq, Aşura bu gün də insanlar arasında canlı, dinamik və təsirli şəkildə yaşamaqdadır.

İmam Hüseynin (ə) qiyamının bugünkü cəmiyyət üçün dərsləri / İmam Hüseynlə (ə) yoldaşlıq məqamına necə çata bilərik?

“Biz İmam Hüseyn (ə) ümmətiyik” şüarı işığında birlik və həmrəylik

İmam Xomeyni (r) İnstitutunun elmi heyət üzvü Aşuranın təsir dairəsinin genişliyinə toxunaraq bildirib ki, bu hadisə yalnız şiələr və müsəlmanlar arasında deyil, bütün bəşəriyyət tərəfindən böyük ehtiramla yad edilir və özündə çox böyük ibrət və dərs potensialı daşıyır.

O, Aşura ziyarətində yer alan «إِنِّي سِلْمٌ لِمَنْ سَالَمَكُمْ وَ حَرْبٌ لِمَنْ حَارَبَكُمْ» ifadəsinə diqqət çəkərək deyib ki, insan Aşura ziyarətində həzrət İmam Hüseynə (ə) müraciətlə bildirir ki, sizin dostlarınızla dost, düşmənlərinizlə isə düşməndir. Bu meyar çox böyük tərbiyəvi əhəmiyyət daşıyır. Hətta İmam Hüseynin (ə) dostları arasında müəyyən nöqsanlar olsa belə, onlar İmam Hüseynə (ə) bağlı olduqları və onu sevdikləri üçün onlarla məhəbbət və dostluq əlaqəsi qurulmalıdır.

Qum Elmi hövzəsinin müəllimi vurğulayıb ki, “Hubbul-Hüseyn yəcməuna” (Hüseyn sevgisi bizi birləşdirir) ifadəsi həqiqətən də birlik yaradan bir həqiqətdir. O bildirib ki, hamımız həzrət İmam Hüseynin (ə) xeyməsi altında bir ailəyik. Necə ki, şəhid general Hacı Qasim Süleymani demişdi: “Biz İmam Hüseynin (ə) ümmətiyik”. Bu baxış həmrəyliyin, qarşılıqlı bağlılığın və ayrılıqların aradan qaldırılmasının əsasını təşkil edə bilər.

Aşura: Ağıl və taleyüklü seçimlərin sınaq meydanı

İmam Xomeyni (r.ə) İnstitutunun elmi heyət üzvü İmam Hüseynin (ə) şəxsiyyətinin necə dərk edilməli olması ilə bağlı suala cavabında bildirib ki, həzrət İmam Hüseynin (ə) şəxsiyyətini tanımaq üçün onun qiyamına və dəvətinə diqqət yetirmək lazımdır. Görmək lazımdır ki, İmam Hüseynin (ə) dəvətini qəbul edib onun yanında “Hüseynçi olmaq” kimi böyük seçimi edənlər kimlər idi, hansı məntiq və düşüncə ilə hərəkət edirdilər? Eyni zamanda bu əbədi səadətdən məhrum olanlar hansı düşüncə ilə bu fürsəti əldən verdilər?

O, İmam Hüseynin (ə) Məkkədən Kufəyə, daha sonra isə Kərbəlaya doğru hərəkətinə işarə edərək bildirib ki, bu yol boyunca müxtəlif insanlar İmam Hüseyn (ə) ilə qarşılaşmışdılar. Onlardan bəziləri İmamın (ə) dəvətini qəbul etmiş, digərləri isə ona qoşulmaqdan imtina etmişdilər. Bu seçimlərin araşdırılması göstərir ki, Aşura yalnız bir tarixi hadisə deyil, həm də insanların ağıl, bağlılıq, iman və taleyüklü seçimlərinin sınaq meydanıdır.

Haqqın dəvətini qəbul etməkdə iki fərqli nümunə

Höccətül-İslam vəl-müslimin Müntəzəri Müqəddəm Übeydullah ibn Hürr Cüfi hadisəsinə toxunaraq bildirib ki, o, Kufənin nüfuzlu və cəsur şəxslərindən biri idi. İmam Hüseyn (ə) mənzilgahlardan birində onunla qarşılaşaraq yanına elçi göndərmişdi. O isə cavabında demişdi ki, Kufədən ona görə çıxıb ki, nə Hüseynin (ə) tərəfində olsun, nə də onun əleyhinə döyüşsün.

O əlavə edib ki, daha sonra İmam Hüseyn (ə) şəxsən onun çadırına gedərək onu öz sıralarına dəvət etdi. Übeydullah ibn Hürr Cüfi cavabında dedi: “Allaha and olsun, bilirəm ki, sizinlə birlikdə olan hər kəs şəhid olacaq və əbədi səadətə qovuşacaq.” Yəni o, həqiqəti tanımışdı, lakin bu tanıma onun seçim meyarına çevrilmədi.

İmam Xomeyni (r) İnstitutunun elmi heyət üzvü sözlərinə davam edərək bildirib ki, Übeydullah ibn Hürr Cüfi öz dünyəvi hesablamalarının əsirinə çevrilmişdi. O düşünürdü ki, onun köməyinin ciddi təsiri olmayacaq, ölməyə hazır deyildi və yaşamaq istəyirdi. Hətta öz atını İmam Hüseynə (ə) təklif etmişdi. Lakin həzrət cavabında buyurmuşdu: “Canını bizdən əsirgəyirsənsə, atına ehtiyacımız yoxdur.”

O, bu seçimin həqiqəti tanıyıb ona qoşulmamağın nümunəsi olduğunu vurğulayaraq deyib ki, Übeydullah ibn Hürr Cüfi sonradan çox peşman olmuş və belə demişdi: “Hüseyn ibn Əli (ə) mənim çadırıma gəlib məni dəvət etdi, lakin mən onun dəvətini qəbul etmədim.” Bu peşmanlıq sınaq anında dünyaya bağlılıq və ölüm qorxusu əsasında verilən seçimin nəticəsi idi.

Höccətül-İslam vəl-müslimin Müntəzəri Müqəddəm bunun müqabilində Züheyr ibn Qeynin şəxsiyyətinə işarə edərək bildirib ki, Züheyr ibn Qeyn Nəxəi Kufənin tanınmış şəxsiyyətlərindən idi. O, əvvəllər osmançı düşüncəyə mənsub kimi tanınsa da, Məkkədən Kufəyə gedən yol üzərində İmam Hüseynin (ə) dəvətini qəbul edərək İmam Hüseyn (ə) karvanına qoşuldu.

O əlavə edib ki, Züheyr Aşura səhəri kufəlilərlə çox təsirli şəkildə mübahisə etmişdi. Kufənin nüfuzlu şəxslərindən biri olduğu üçün onlara birbaşa müraciət edərək həqiqətə çağırmışdı. Şimr ona: “Bir neçə saatdan sonra öldürüləcəksən”, – dedikdə isə belə cavab vermişdi: “Məni ölümlə qorxudursan? Allaha and olsun ki, Hüseyn ibn Əlinin (ə) yanında ölüm mənim üçün sizinlə əbədi yaşamaqdan daha sevimli və daha gözəldir.”

İmam Xomeyni (r) İnstitutunun elmi heyət üzvü vurğulayıb ki, Übeydullah ibn Hürr Cüfi ilə Züheyr ibn Qeyn İmam Hüseynin (ə) dəvəti qarşısında tamamilə fərqli iki seçim nümayiş etdirdilər. Onlardan biri həqiqəti tanısa da, dünyaya bağlılığı səbəbindən İmam Hüseynlə (ə) birgə olmaq səadətindən məhrum oldu. Digəri isə İmam Hüseynin (ə) dəvətini qəbul edərək şərəf və əbədiyyət zirvəsinə yüksəldi.

Qum Elmi hövzəsinin müəllimi qeyd edib ki, Kərbəla yolunda müxtəlif seçimlər ortaya çıxdı və hər bir seçim insanın həqiqi mahiyyətini üzə çıxardı. İnsan bəzən səadətin harada olduğunu bildiyi halda onu seçmir. Digər tərəfdən, insan dünyəvi bağlılıqlarını aşaraq İmam Hüseynin (ə) yol yoldaşı olmaq məqamına da yüksələ bilər.

Xəbərin sonu

Rəyiniz

You are replying to: .
captcha